ARƏN Reyestr № 4314

ISSN (print): 2788 - 9831

ISSN (online): 2788 - 984X

Elm Tarixi və Elmşünaslıq

Beynəlxalq elmi-nəzəri jurnal


Baş redaktordan

Hörmətli “Elm tarixi və Elmşünaslıq” beynəlxalq elmi-nəzəri jurnalın oxucuları və müəllifləri!

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutu tərəfindən nəşr olunan “Elm tarixi və Elmşünaslıq” jurnalının ilk sayını sizlərə təqdim edirik. Jurnalın bu sayında AMEA-nın bir sıra institutlarının, Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, eləcə də Rusiya alimlərinin, elmi-tədqiqat müəssisələrinin əməkdaşlarının elmi əsərləri təqdim olunmuşdur.

Tədqiqat mövzusunun çoxsahəli olduğunu nəzərə alaraq, gələcəkdə jurnalın müxtəlif mövzularda - tarix, sosiologiya, fəlsəfə, iqtisadiyyat və s. istiqamətləri üzrə məqalələrin dərc ediləcəyi nəzərdə tutulur. Jurnalımıza çap olunmaq üçün elmi tədqiqatlarınızın təqdim edilməsi ilə yanaşı, artıq çap olunmuş məqalələrə də rəylərinizin bildirilməsi redaksiya heyətimiz tərəfindən müsbət qarşılanacaqdır. Bununla yanaşı, redaksiyamız həmçinin fikir mübadiləsinə də açıq olmaqla qarşılıqlı əməkdaşlığa hazırdır. Jurnalda əsasən görkəmli alimlərin həyat və fəaliyyətinə, onların elmə verdikləri töhfələrə, elmi məktəb və kollektivlərin formalaşmasına və inkişafına, elm tarixi və texnikanın metodoloji problemlərinə, elmin populyarlaşmasına, tarixşünaslığa və mənbəşünaslığa, həmçinin elmin inkişaf qanunauyğunluqlarına həsr edilmiş məqalələrin dərc olunması planlaşdırılır.

Bu məqsədlə sizdən müxtəlif bilik sahələrinin tədqiqatçılarını maraqlandıracaq ən geniş mövzularla bağlı elmi araşdırmalar gözləyirik. Jurnalın beynəlxalq elmi ictimaiyyətlə əlaqələri gücləndikcə nəşr olunan materiallar müvafiq tematik bölmələr üzrə yerləşdiriləcəkdir.

Nəzərdə tutulur ki, jurnalda dərc olunacaq nəşrlər elm tarixi və elmşünaslığın nəzəri-metodoloji aspeklərinin, həmçinin müasir dünyada elmi biliklərin təbliğinin daha dərindən dərk edilməsinə kömək edəcəkdir.

Xüsusi bölmələrdə Azərbaycanın elm həyatındakı önəmli hadisələrin- konfransların, dəyirmi masaların, seminarların, sərgilərin, təbriklərin, müsahibələrin və s. işıqlandırılması nəzərdə tutulur.

Jurnalın ildə iki dəfə dərc olunması planlaşdırılır.

Məryəm Həsən qızı Seyidbəyli

AMEA Elm Tarixi İnstitutunun direktoru

Tarix üzrə elmlər doktoru

mseyidbeyli@mail.ru